Avropa İttifaqı ən qısa zamanda müdafiə imkanlarını ciddi şəkildə gücləndirməlidir.
Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Politicoya müsahibəsində bildirib, DenMedia.az xəbər verir.
Onun sözlərinə görə, Aİ artıq ittifaqın müdafiə qabiliyyətini artırmaq üçün “bütöv bir proqram” qəbul edib. Bununla belə, fon der Lyayen Avropa İttifaqının özünü tam şəkildə nə vaxt müdafiə edə biləcəyi sualını cavabsız qoyub və vurğulayıb ki, Aİ-nin vaxt kimi bir lüksü yoxdur.
“Gələcəkdə nə baş verəcəyini dəqiq proqnozlaşdıra bilmərik, amma deyə bilərik ki, müdafiə məsələsi son dərəcə təcildir və biz getdikcə daha sürətli hərəkət etməliyik”, – deyə Ursula fon der Lyayen qeyd edib.
O, həmçinin bildirib ki, Avropa qitəsində real təhlükəsizlik zəmanətləri ilə ədalətli və davamlı sülhün təmin olunması vacibdir. Fon der Lyayenin sözlərinə görə, istənilən sülh razılaşması gələcək münaqişənin toxumlarını səpməməlidir.
Qeyd edək ki, dekabrın əvvəlində Reuters yazmışdı ki, Avropa İttifaqı 2030-cu ilə qədər özünü müdafiə etməyə hazır olmağı hədəfləyir. Bu çərçivədə Aİ hava hücumundan müdafiə sistemlərində, pilotsuz uçuş aparatlarında, kibermüharibə sahəsində, sursat təminatında və digər istiqamətlərdə mövcud boşluqları aradan qaldırmağı planlaşdırır.