Geri qayıt Çap et

“Sülh naminə” – Fidan Türkiyənin Qəzzaya qoşun göndərə biləcəyini açıqladı

Türkiyənin xarici işlər naziri Hakan Fidan “Al Jazeera Arabic”ə açıqlamasında Qəzza üzrə sülh prosesinin həlledici mərhələyə daxil olduğunu bildirib və əldə olunan nəticələrin bir çox ölkənin birgə səyləri sayəsində mümkün olduğunu vurğulayıb.

Nazir qeyd edib ki, iki il ərzində İsrailin hücumları nəticəsində 70 min fələstinli həlak olub, on minlərlə insan yaralanıb və itkin düşüb. Humanitar yardım qismən artsa da, Qəzzada vəziyyət hələ də ağırdır.

“İsrail hər gün fələstinliləri öldürməyə davam edir,” — deyə Fidan bildirib.

Fidan BMT Təhlükəsizlik Şurasının qətnaməsinin qəbul edildiyini, lakin indi onun icrasının vacib olduğunu deyib və əsas məsuliyyətin ABŞ və Prezident Donald Trampın üzərində olduğunu vurğulayıb.

Türkiyənin Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və İordaniya ilə birlikdə Qəzzada sülh şurasının yaradılmasını, idarəçiliyin fələstinlilərə verilməsini və polis strukturunun qurulmasını gözlədiyini açıqlayıb.

Türkiyənin beynəlxalq sabitlik qüvvələrində iştirakı ilə bağlı Fidan bildirib ki, Prezident Ərdoğanın siyasi iradəsi ilə Ankara sülh naminə hər cür məsuliyyəti üzərinə götürməyə hazırdır, hətta zərurət yaranarsa, qoşun göndərilə bilər.

Nazir Netanyahunu Qəzzanı fələstinlilərdən tam təmizləmək planında ittiham edib və beynəlxalq ictimaiyyəti İsrailin “maksimalist tələblərindən” imtina etməyə məcbur etməyə çağırıb.

Fidan həmçinin İsrailin Suriyada da ekspansiya siyasəti apardığını deyərək bunu regional sabitlik üçün təhlükə adlandırıb və Türkiyənin Qəzza, Suriya və Rusiya–Ukrayna münaqişəsi üzrə diplomatik səyləri davam etdirəcəyini bildirib.

DenMedia.az