Geri qayıt Çap et

Netanyahu Fələstin dövlətinin yaradılmasına “yox” dedi

İsrail Fələstin dövlətinin qurulmasına qarşı çıxır. Bunu İsrailin baş naziri Binyamin Netanyahu bəyan edib.

“Bizim baxışımız tam fərqlidir, çünki Fələstin dövlətinin məqsədi yeganə yəhudi dövlətini məhv etməkdir,” — deyə o, Almaniya kansleri Fridrix Merç ilə birgə mətbuat konfransında bildirib, — Times of Israel yazır.

Netanyahunun sözlərinə görə, “ərəb ölkələri ilə daha geniş sülhə doğru yol var, həmçinin fələstinli qonşularımızla işlək sülhə nail olmaq mümkündür, lakin biz sərhədlərimizdə məhvimizə hesablanmış bir dövlət yaratmayacağıq.”

İsrail baş naziri əlavə edib ki, onun fikrincə, Qəzzada atəşkəsin birinci mərhələsi demək olar ki, başa çatıb, tezliklə ABŞ prezidenti Donald Trampın sülh planının ikinci mərhələsinə keçid olmalıdır.

O bildirib ki, “sülh imkanları masadadır” və bu ayın sonuna doğru Donald Trampla həmin imkanları müzakirə etməyi planlaşdırır. Netanyahu həmçinin Tramp ilə Qəzzada HƏMAS hakimiyyətinin necə sona çatdırılacağı məsələsini də müzakirə edəcəyini deyib.

DenMedia.az