Əgər Rusiya və Çin Tehranla Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında əməkdaşlığı bərpa etmək üçün vasitəçilik təklifləri irəli sürsələr, İran onları nəzərdən keçirməyə hazırdır. İranın Ali Lideri Əli Xameneinin müşaviri Kamal Xərrazi bunu RİA Novosti agentliyinə verdiyi müsahibədə bildirib.
"Bəli, belə bir layihə təklif olunarsa, biz onu nəzərdən keçirəcəyik", - Xərrazi İranın Rusiya və Çini Tehranla BAEA arasında yeni əməkdaşlıq formalarının inkişaf etdirilməsi üçün potensial vasitəçilər kimi görüb-görməməsi ilə bağlı suala cavab olaraq bildirib.
Sentyabrın sonlarında İranın Ali Milli Təhlükəsizlik Şurası Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib. Bu addım Birləşmiş Millətlər Təşkilatının Tehrana qarşı sanksiyalarla bağlı səsverməsinə cavab idi.
Bəyanata görə, Xarici İşlər Nazirliyinin agentliklə əməkdaşlıq etmək səylərinə və böhranın həlli üçün təklif olunan planlara baxmayaraq, Avropa dövlətlərinin hərəkətləri səbəbindən BAEA ilə əməkdaşlıq dayandırılacaq.
DenMedia.az