İsrailin baş naziri Benyamin Netanyahunun yaxın tərəfdarı Ron Dermer girovların azad edilməsi üzrə danışıqların uğurla başa çatmasının ardından istefa verdiyini açıqlayıb.
Bloomberg xəbər verir ki, Dermer 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna hücumundan sonra girovların taleyi ilə bağlı danışıqları aparan İsrail nümayəndə heyətinə rəhbərlik edib.
İstefa bəyanatında o bildirib ki, vəzifəsindən ailəsinə verdiyi vədi yerinə yetirmək üçün ayrılır. Dermer həmçinin son iki ilin müharibəsinin və İsrail ilə ABŞ-ın birgə səylərinin ölkənin təhlükəsizliyini möhkəmləndirmədəki rolunu vurğulayıb. O yazıb ki, hökumətin simasını həm 7 oktyabr hücumu, həm də ondan sonra başlayan yeddi cəbhəli iki illik müharibə müəyyənləşdirəcək.
Qeyd edək ki, Dermer Strateji İşlər Nazirliyinə seçki yolu ilə deyil, birbaşa təyinatla gətirilmişdi — bu, İsrail siyasətində nadir hadisə sayılır. Nazirlik isə xüsusilə onun üçün bərpa edilmişdi, çünki əvvəlcə ləğv olunmuşdu.