Geri qayıt Çap et

Türk qəhvəsi Aİ-də rəsmi olaraq ənənəvi ixtisas statusu aldı

Avropa İttifaqı (Aİ) Türk qəhvəsinə “Guaranteed Traditional Speciality” (TSG) — zəmanətli ənənəvi ixtisas statusu verib.

DenMedia.az xəbər verir ki, bu, Türkiyədən siyahıya daxil edilən ilk məhsul olub.

Türkiyə Palatalar və Birjalar İttifaqının məlumatına görə, qeydiyyat Aİ-nin rəsmi bülletenində təsdiqlənib və üç ay ərzində etiraz edilməzsə, qüvvəyə minəcək.

“Üç aylıq müddət başa çatdıqdan sonra Türk qəhvəsi Aİ-də qeydiyyata alınan Türkiyənin ilk ənənəvi məhsulu olacaq. Türk qəhvəsi mədəniyyətimizin ən mühüm simvollarından biridir. O, həmçinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxildir. Onun 500 ildən çox tarixi var və bu, sadəcə içki deyil, həm də qonaqpərvərlik, ünsiyyət və dostluq rəmzidir,” — deyə açıqlamada bildirilir.

TSG statusu məhsulun unikal tərkibini və ənənəvi hazırlanma üsulunu qoruyur, coğrafi mənşəyə məhdudiyyət qoymadan. Bu status adın saxtalaşdırılmasından və düzgün olmayan istifadəsindən qoruma təmin edir.