ABŞ-ın Şərq sahillərində hava nəqliyyatı ciddi pozulmalarla üzləşib. Səbəb — federal hökumətin maliyyələşməsinin dayandırılması (“şatdaun”) nəticəsində aviadispetçerlərin çatışmazlığıdır.
DenMedia.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.
Nəşrin yazdığına görə, Orlando və digər iri aeroportlarda dispetçer çatışmazlığı uçuşların kütləvi gecikməsinə və hava limanlarının müvəqqəti bağlanmasına səbəb olub.
“Aviadispetçerlərin azlığı Orlandoda və digər böyük hava limanlarında gecikmələrə gətirib çıxarır və bu, Şərq sahilinin bütün bölgələrinə təsir göstərə bilər,” — deyə məqalədə vurğulanır.
Orlando Beynəlxalq Hava Limanında reyslərin orta gecikmə müddəti 2 saat 40 dəqiqəyə çatıb.
Bəzi uçuşlar 12 saata qədər təxirə salınıb, bir hissəsi isə tamamilə ləğv edilib.
Nyu-Yorkdakı Con Kennedi hava limanında dispetçer çatışmazlığı səbəbindən uçuşlara məhdudiyyətlər tətbiq olunub, Vaşinqtondakı Ronald Reyqan hava limanında isə axşam saatlarında uçuşlar dayandırılıb.