İki qətlin və bir qətl cəhdinin təşkilində ittiham olunan iş adamı və milyarder İbrahim Süleymanovun vəziyyəti həbsxanada kəskin pisləşib. DenMedia.az xəbər verir ki, bu barədə onun vəkili Georgi Abşilava “İzvestiya”-ya məlumat verib.
“Ürək artıq əsas qan dövranını təmin etmir, ağciyərlər və qaraciyər zədələnib, böyrək çatışmazlığı müşahidə olunur,” — deyə vəkil bildirib.
Mənbələrə görə, Süleymanov əvvəlcə Moskvanın Kapotnya bölgəsindəki təcridxanada saxlanılırdı, lakin sonradan “Matroskaya Tişina”ya köçürülüb və orada həkim nəzarətindədir.
Vəkillər onun səhhətinə görə ev dustaqlığına keçirilməsini tələb ediblər. Məhkəmə iclası 12 noyabrda baş tutacaq.
Xatırladaq ki, Süleymanov 2004-cü ildə sifarişli qətldə iştirakda ittiham olunur. O, Federal Maliyyə Sağlamlaşdırma və Müflisləşmə Xidmətinin rəhbəri Georgi Talın öldürülməsini sifariş etməkdə şübhəli bilinir.
Süleymanov ittihamları qəbul etmir və özünü təqsirkar saymır.