Geri qayıt Çap et

“Xaç Atasının” dahisi zamanla borc içində – Koppola öz xatirələrini satır

Məşhur rejissor Frensis Ford Koppola maliyyə çətinlikləri səbəbindən şəxsi əşyalarını satışa çıxarıb.

DenMedia.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.

“Xaç Atası” trilogiyasının müəllifi 6 dekabrda Phillips hərracında yeddi ədəd qol saatından ibarət şəxsi kolleksiyasını satışa çıxaracaq.

Auksionun əsas lotu – 2014-cü ildə Koppolanın isveçrəli saat istehsalçısı F.P. Journe ilə birlikdə hazırladığı modeldir. Bu saatlar cəmi bir neçə nüsxədə buraxılıb və hər biri təxminən 1 milyon dollar dəyərində qiymətləndirilir.

“Sadəcə bir az pul tapmalıyam ki, su üzündə qala bilim,” – deyə Koppola bildirib.

Rejissorun son filmi – “Megalopolis” (2024) – tamamilə öz vəsaiti hesabına çəkilib, lakin kassa gəliri istehsal xərclərini ödəməyib.

Koppola ümidini itirmir:

“Filmlərimin çoxu zaman keçdikcə dəyər qazanır,” – deyə o xatırladıb və “Apokalipsis indi” filmini nümunə göstərib. Həmin film ilk illərdə onu borca salsa da, sonradan 150 milyon dollar gəlir gətirib.