Denmedia.az xəbər verir ki, Yunanıstanın mühafizəkar hökuməti “Hamı üçün ədalətli iş” adlı qanun layihəsini əmək bazarının çevikliyini və səmərəliliyini artırmaq məqsədilə təqdim etdiyini bəyan edib.
Lakin ölkə boyu keçirilən etirazlara baxmayaraq, parlament bu qanunu qəbul edib. Yeni qanun özəl sektorda işəgötürənlərə işçilərin gündəlik iş saatlarını 8-dən 13 saata qədər artırmaq imkanı verir.
Baş nazir Kiriakos Mitsotakis hökuməti bu təşəbbüsün “rəqabət qabiliyyətini artıracağını” bildirir, amma həmkarlar ittifaqları bu addımı “əmək hüquqlarının açıq şəkildə pozulması” kimi qiymətləndirir.
Bu ay qanun layihəsinə qarşı artıq iki ümummilli tətil keçirilib. Dövlət qulluqçuları konfederasiyası ADEDY bəyan edib:
“Bir işəgötürən üçün 13 saatlıq iş günü əmək münasibətlərinin tam deregulyasiyası deməkdir. Bu, işçilərin tükənməsi üzərində qurulan yeni bir iş modeli yaradır.”
Eyni zamanda, Yunan İşçiləri Baş Konfederasiyası (GSEE) qanunu “insan ləyaqəti bahasına mənfəət aləti” adlandıraraq, hökumətdən ictimai iştirak olmadan qanun qəbul etməməyi tələb edib.