Geri qayıt Çap et

Trampın keçmiş müşaviri Bolton məxfi məlumatları ötürməkdə ittiham olunur

ABŞ prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik üzrə müşaviri Con Boltona məxfi məlumatların qanunsuz ötürülməsi ilə bağlı rəsmi ittiham irəli sürülüb. DenMedia.az xəbər verir ki, bu barədə CNN məhkəmə mənbələrinə istinadən xəbər verib.
Məlumata görə, ittihamı Merilend ştatında böyük münsiflər heyəti təqdim edib.
 Mənbələrin bildirdiyinə görə, Boltonun məxfi məlumatları həyat yoldaşı və qızı ilə elektron poçt vasitəsilə paylaşdığı güman edilir.
 Sentyabrın sonunda məlum olub ki, Federal Təhqiqatlar Bürosunun (FBI) agentləri Boltonun ofisində “məxfi sənədlər” aşkar ediblər.
 The Washington Post yazır ki, ötən ayın əvvəlində FBI əməkdaşları Boltonun evində və ofisində axtarış aparıblar. Axtarış zamanı kompüterlər, telefonlar və sənəd qovluqları müsadirə olunub. Araşdırmalar çərçivəsində o, məxfi məlumatların icazəsiz saxlanılmasında, casusluq haqqında qanunu pozmaqda və milli müdafiə ilə bağlı məlumatları qanunsuz ötürməkdə şübhəli bilinir.
Müsadirə edilmiş bəzi qovluqların üzərində “Tramp I–IV” yazıldığı bildirilib.
 Xatırladaq ki, Donald Tramp 2018-ci ildə, ilk prezidentlik dövründə, Boltonu milli təhlükəsizlik müşaviri təyin etmişdi. Lakin 2019-cu ilin sentyabrında aralarındakı fikir ayrılıqları səbəbindən onu vəzifədən uzaqlaşdırmışdı.
2020-ci ildə Bolton “The Room Where It Happened” (“Hadisənin baş verdiyi otaq”) adlı kitabını nəşr etdirmişdi. Bu xatirələrdə o, ABŞ prezidentlərinin fəaliyyəti, eləcə də ölkənin Rusiya, Ukrayna, Çin və NATO ilə münasibətlərinin pərdəarxası məqamları barədə məlumatlar paylaşmışdı.