Böyük Britaniyanın paytaxtı Londonda Azərbaycan səfirliyinin qarşısında təxribat xarakterli aksiya keçirilib.
Aksiyada əksəriyyəti qadınlardan ibarət 10–15 nəfər iştirak edib. Onlar əllərində İran bayraqları və İran İslam Respublikasının ilk ali rəhbəri Ruhullah Xomeyninin portretlərini tutublar.
Aksiya iştirakçıları səsgücləndiricilər vasitəsilə müxtəlif şüarlar səsləndirərək, guya Azərbaycanda hicab taxılmasına görə təzyiqlər göstərildiyini iddia ediblər.
Azərbaycan səfirliyindən bildirilib ki, aksiya iştirakçıları dini şüarlardan və siyasi simvollardan istifadə edərək Azərbaycanın daxili siyasəti ilə bağlı məsələləri fərqli şəkildə təqdim etməyə çalışıblar.

Xüsusilə Azərbaycanda vahid məktəbli formasının tətbiqi ilə bağlı qərarın dini azadlıqların məhdudlaşdırılması kimi qələmə verilməsinə cəhd göstərildiyi qeyd olunub.
Səfirliyin açıqlamasında baş verənlər İran xüsusi xidmət orqanlarının təsir agentlərinin Azərbaycanın müstəqil siyasətinə və suveren qərarlarına qarşı yönəlmiş növbəti təxribat cəhdi kimi qiymətləndirilib.