Geri qayıt Çap et

Bakıda maşını diskotekaya çevirənlər diqqətli olsun: Cərimə gəlir!

Bakıda gecə saatlarında avtomobillərində yüksək səslə musiqi dinləyərək sakinlərin rahatlığını pozan sürücülər 150 manatdan 200 manatadək cərimələnə bilərlər.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli məlumat verib.

Açıqlamaya səbəb paytaxt sakinlərinin avtomobillərdən gələn yüksək musiqi səsi və sürücülərin səbəbsiz yerə siqnal verməsi ilə bağlı şikayətləri olub. Belə halların xüsusilə “28 May” metro stansiyası ətrafında müşahidə edildiyi bildirilir.

Sakinlərin sözlərinə görə, avtomobillərdən gələn səs-küy, xüsusilə axşam və gecə saatlarında ətrafdakı yaşayış binalarında insanların istirahətinə mane olur.

DİN nümayəndəsi bildirib ki, polis məişət səs-küyü ilə bağlı ictimai asayişin pozulması hallarının qarşısını almaq üçün mütəmadi tədbirlər keçirir.

Saat 00:00-dan 07:00-dək yaşayış məntəqələrində insanların istirahətinə mane olan səs-küy yaratmaq qadağandır.

Bu saatlarda avtomobildə yüksək səslə musiqi dinləmək və səbəbsiz yerə tez-tez siqnal vermək nəqliyyat vasitəsinin saxlanılmasına və sürücü barəsində qanunvericiliyə uyğun tədbir görülməsinə səbəb ola bilər.

Azərbaycanın İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, gecə vaxtı məişət səs-küyünə qarşı mübarizə qaydalarını pozan fiziki şəxslər 150 manatdan 200 manatadək cərimə olunurlar. 

Denmedia.az