Geri qayıt Çap et

Bakıda dövlət qurumlarının iş saatları dəyişir

Bakıda və ətraf ərazilərdə yerləşən dövlət qurumları sentyabrın 15-dən etibarən iki ay müddətinə yeni iş rejiminə keçəcək. Dəyişiklik pilot layihə çərçivəsində tətbiq olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, yeni iş qrafiki Bakıda və ətraf ərazilərdə yerləşən dövlət iştiraklı hüquqi şəxslərə, eləcə də dövlət adından yaradılan publik hüquqi şəxslərə də şamil ediləcək.

Yeni qaydaya əsasən, iş gününün başlanması və başa çatması üçün üç fərqli vaxt müəyyənləşdirilib:

08:00–17:00, 09:00–18:00 və 09:30–18:30.

Hər üç iş rejimində əməkdaşların ən azı 30 faizinin eyni vaxtda çalışması təmin edilməlidir.

Pilot layihənin tətbiq ediləcəyi iki ay ərzində aidiyyəti dövlət qurumları yeni iş qrafikinin nəqliyyat sıxlığına təsirini araşdıracaq. Nəticələr əsasında optimal iş rejiminin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Dəyişiklik Prezidentin sərəncamı ilə təsdiqlənmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.

Denmedia.az