Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi vasitəsilə 78 uşaq himayədar ailələrə verilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 31 May — Ümumdünya Himayədar Ailə Günü ilə bağlı məlumatında bildirilib.
Qeyd olunub ki, himayədar ailələrə verilən uşaqlardan 34-ü oğlan, 44-ü qızdır.
Nazirlik himayədar ailələrə aylıq sosial ödənişlər də həyata keçirir. Belə ki, 6 yaşadək uşaqlar üçün aylıq 355 manat, 7–13 yaşlı uşaqlar üçün 375 manat, 14–18 yaşlı uşaqlar üçün isə 395 manat ödənilir.
Əlilliyi olan uşaqlar üçün bu məbləğlər yaş qruplarına uyğun olaraq 500 manat, 600 manat və 650 manat təşkil edir.
Bundan başqa, himayədar ailələrin uşaqları mövsümi geyimlə təmin etməsi məqsədilə hər uşağa görə rübdə bir dəfə 200 manat birdəfəlik müavinət ödənilir.