Geri qayıt Çap et

Məhkumlarla görüş üçün onlayn sistem istifadəyə verildi

Azərbaycan Ədliyyə Nazirliyi məhkumlarla görüş üçün onlayn qeydiyyat xidmətini istifadəyə verib.

Nazirliyin məlumatına görə, yeni sistem vasitəsilə istifadəçilər görüş üçün müraciəti məsafədən edə, görüşün formatını, tarixini və vaxtını seçə, həmçinin bağlama və sovqatlarla bağlı məlumatları əvvəlcədən qeyd edə bilirlər.

Bundan əlavə, platforma müraciətin statusunu real vaxt rejimində izləməyə imkan verir.

Qeyd olunur ki, layihənin əsas məqsədi görüşlərin qeydiyyatı prosesinin rəqəmsallaşdırılmasıdır. Xidmət Ədliyyə Nazirliyinin rəsmi saytında “Elektron xidmətlər” bölməsində mövcuddur.

Müraciət üçün istifadəçi myGov ID sistemi ilə identifikasiya keçməli və ya şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini daxil etməlidir. Daha sonra görüşün keçiriləcəyi müəssisə, tarix, iştirakçılar və digər məlumatlar göstərilməklə onlayn forma doldurulur.

Müraciət aidiyyəti penitensiar müəssisəyə göndərilir və yoxlanıldıqdan sonra təsdiqlənərsə, istifadəçiyə SMS bildiriş göndərilir.

Bildirilir ki, görüşlər yalnız təyin olunmuş tarix və saatda həyata keçirilir. Hazırda xidmət 4 saylı cəzaçəkmə müəssisəsində pilot rejimdə tətbiq olunur və gələcəkdə bütün penitensiar müəssisələrdə mərhələli şəkildə tətbiqi planlaşdırılır.

DenMedia.az