Azərbaycanda Həcc ziyarəti üçün sənəd qəbulu üzrə kvota 96 faiz dolub.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.
Onun sözlərinə görə, kvota üzrə cəmi 4 faiz boş yer qalıb:
“Müraciət edənlər arasında uşaqlar, eləcə də tanınmış şəxslər var. Sənəd qəbulu başa çatdıqdan sonra ətraflı məlumat veriləcək. Zəvvarların ilk reysi mayın 17-də həyata keçiriləcək. Bu qrupda 180 nəfər olacaq. Bu il Həcc ziyarətinin qiyməti 6 100 ABŞ dolları, yəni 10 388 manat təşkil edir.”
V. Cahangiri qeyd edib ki, regionda mövcud gərginlik müraciətlərin sayına təsir göstərməyib:
“Hazırda bölgədə baş verən gərginliklə bağlı heç bir dəyişiklik yoxdur, proses adi qaydada davam edir. Qeydiyyat davam edir. İştirakdan imtina halları yoxdur, müraciətlər hər gün qeydə alınır.”