Geri qayıt Çap et

Abdin Fərzəliyev 4 kənddə sakinlərlə görüşdü: Bu səbəbə görə-FOTOLAR

Müqəddəs Ramazan ayı və Novruz bayramı münasibəti ilə Abşeron rayonun Saray, Ceyranbatan, Digah və Məmmədli kəndlərində sakinlərlə səyyar görüş keçirilib.

Bu barədə Denmedia.az-a Abşeron rayon İcra Hakimiyyətindən məlumat verilib.

Müqəddəs Ramazan ayının mənəvi dəyərlərinin yaşandığı və qarşıdan gələn Novruz bayramının ab-havasının hiss olunduğu bu günlərdə Abşeron rayonunda vətəndaşlarla birbaşa ünsiyyətin təmin olunması, onların müraciətlərinin yerində araşdırılması məqsədilə səyyar qəbullar davam etdirilir.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərəfindən mart ayı ərzində rayonun Saray, Ceyranbatan, Digah və Məmmədli qəsəbələrində növbəti səyyar vətəndaş qəbulları keçirilmişdir. Qəbullarda rayon icra hakimiyyəti başçısının müavinləri, aparatın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, eləcə də aidiyyəti idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Səyyar qəbullar zamanı qəsəbə sakinlərinin müraciət və təklifləri dinlənilmiş, onları narahat edən məsələlər yerində araşdırılmışdır. Vətəndaşlar əsasən sosial məsələlər, kommunal xidmətlərin təşkili, yol və infrastruktur, torpaq münasibətləri, məşğulluq və digər gündəlik məsələlərlə bağlı müraciətlər səsləndirmişlər.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən hər bir müraciət diqqətlə dinlənilmiş, bəzi məsələlərin həlli ilə bağlı yerindəcə müvafiq tapşırıqlar verilmiş, əlavə araşdırma tələb edən müraciətlər isə aidiyyəti qurumların rəhbərlərinə nəzarətə götürülərək icrası üçün tapşırılmışdır.

Görüşlər zamanı rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən sosial və infrastruktur layihələri barədə sakinlərə məlumat verilmiş, onların rəy və təklifləri də diqqətlə dinlənilmişdir.

Qeyd olunmuşdur ki, vətəndaşlarla birbaşa ünsiyyətin gücləndirilməsi, onların problemlərinin operativ şəkildə araşdırılması və həlli, eləcə də dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədilə Abşeron rayonunun qəsəbə və yaşayış məntəqələrində səyyar qəbullar bundan sonra da mütəmadi şəkildə davam etdiriləcəkdir.

Nizami Rəsulov

Denmedia.az