Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev və Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov özünüməşğulluq proqramı çərçivəsində Laçın rayon sakinləri Elnurə Asif qızı Əliyeva və Günay Pənah qızı Rüstəmova üçün yaradılmış kiçik təsərrüfatlara baxış keçiriblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, proqram çərçivəsində Elnurə Əliyeva üçün poliqrafiya xidmətləri sahəsində kiçik ailə biznesi, Günay Rüstəmova üçün isə un məmulatlarının istehsalı üzrə kiçik təsərrüfat yaradılıb.
Proqram iştirakçıları doğma torpaqlara qayıtmaqdan və burada ailə biznesi qurmaqdan məmnun olduqlarını bildirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür ediblər.
Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən aktiv məşğulluq proqramlarından biri özünüməşğulluq proqramıdır və bu proqram mühüm sosial-iqtisadi əhəmiyyət daşıyır.
Bu proqram çərçivəsində Qarabağ və Şərqi Zəngəzura köçürülmüş 759 nəfər, o cümlədən Laçına köçürülmüş 85 nəfər üçün mallar və materiallar şəklində aktivlər təqdim olunaraq kiçik ailə təsərrüfatları yaradılıb.


