Sosial şəbəkələrdə bir qadının və onun 11 yaşlı övladının uzun müddət küçədə yaşamasını əks etdirən videogörüntülər yayılıb. Videonun Tovuz rayonunda çəkildiyi bildirilir.
Məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.
Bu barədə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoglu sosial şəbəkə səhifəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, aparılan ilkin araşdırmaların və mövcud vəziyyətin qiymətləndirilməsinin nəticələrinə əsasən müvafiq qurumlarla birgə təxirəsalınmaz tədbirlər görülüb.
Qeyd olunur ki, Komitənin dəstəyi ilə Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən 11 yaşlı uşaq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, ana isə ixtisaslaşmış tibbi yardım göstərilməsi üçün psixiatriya profilli tibb müəssisəsinə göndərilib.
Məlumata görə, xəstəxanada zəruri tibbi müayinələr aparıldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq uşağın uşaq müəssisəsinə yerləşdirilməsi ilə bağlı tədbirlərin görülməsi planlaşdırılır.
Vurğulanır ki, məsələ məsul dövlət orqanlarının nəzarətindədir.