Geri qayıt Çap et

“Deputat və bələdiyyə sədri Yaşıldərədə vətəndaşlarla görüşdü”-FOTOLAR

Sumqayıt şəhər Yaşıldərə yaşayış massivində yerləşən Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbində vətəndaşlarla görüş və qəbul keçirilib.
Denmedia.az xəbər verir ki, görüşdə Milli Məclisin deputatı Mehriban Vəliyeva və Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov ,eləcə də aparat əməkdaşları iştirak ediblər.
Vətəndaş qəbulunda Yaşıldərə yaşayış massivinin sakinləri fəal iştirak edərək onları narahat edən sosial və infrastruktur problemlərini diqqətə çatdırıblar.
Qəbul zamanı sakinlər əsasən yolların abadlaşdırılması və təmiri, mülkiyyət hüquqlarının sənədləşdirilməsi, elektrik enerjisi, içməli su və qaz təchizatı ilə bağlı mövcud çətinliklər barədə müraciətlərini səsləndiriblər. Eyni zamanda məşğulluq, sosial təminat və kommunal xidmətlərin keyfiyyəti ilə bağlı məsələlər də qaldırılıb.
Millət vəkili Mehriban Vəliyeva vətəndaşların müraciətlərini diqqətlə dinləyərək hər bir məsələnin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını bildirib. O, sakinlərin sosial rifahının yaxşılaşdırılmasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb və qaldırılan problemlərin müvafiq dövlət qurumları ilə birgə nəzarətdə saxlanılacağını qeyd edib.Yaşıldərə qəsəbəsinin Sumqayıt şəhərinin təsdiq edilmiş Baş planında nəzərdə tutulduğunu qeyd edib.Qəsəbənin Baş planda yer alması,ərazidə mövcud sosial və infrastruktur problemlərinin dövlət proqramları və müvafiq büdcə mexanizmləri çərçivəsində mərhələli şəkildə həllinə hüquqi və planlaşdırma əsası yaradır.Bu da gələcək mərhələlərdə qəsəbəyə yönəlik layihələrin icrası üçün müvafiq maliyyə vəsaitlərinin ayrılmasını mümkün edir.
Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov isə bələdiyyənin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konkret addımların atılacağını, xüsusilə də yol infrastrukturu və abadlıq işlərinin mərhələli şəkildə həyata keçiriləcəyini bildirib. O, sakinlərlə birbaşa ünsiyyətin problemlərin operativ həlli baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Qəbul zamanı səsləndirilən müraciətlərin bir qismi yerindəcə izah və tövsiyələrlə cavablandırılıb, daha ətraflı araşdırma tələb edən məsələlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara yönləndirilib. Görüşün sonunda vətəndaşlar problemlərinin dinlənilməsindən məmnunluqlarını ifadə ediblər.
Qeyd edək ki, bu cür vətəndaş qəbulları əhalinin müraciətlərinin vaxtında öyrənilməsi və həlli məqsədilə mütəmadi olaraq keçirilir və ictimaiyyətlə dövlət qurumları arasında əlaqələrin gücləndirilməsinə xidmət edir.

Ellada Rəsul

Denmedia.az