Davamlı müharibələr təkcə münaqişə bölgələrində deyil, bütün dünyada təsirini göstərir. Onlar qlobal iqtisadiyyata yük gətirir, ərzaq və enerji qiymətlərini artırır, ticarət və investisiya axınlarını pozur. Eyni zamanda ekoloji sistemlərə də ciddi zərər verir. Bu təsirlər sadəcə müharibə gedən ölkələrlə məhdudlaşmır, bütün qlobal bazarlara və ətraf mühitə təsir göstərir.
Davamlı müharibələrin iqtisadi və ekoloji təsirləri nələrdir və bu problemlərin qarşısını almaq üçün hansı tədbirlər görülə bilər?
DenMedia.az xəbər verir ki, Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov deyib ki, dünya düzəninin dəyişdiyi indiki dönəmlərdə böyük güclərin iqtisadi maraqlarını təmin edəcək əsas yollardan biri müharibələrdir:
“Əgər tarixə nəzər salsaq, görərik ki, indiyə qədər baş vermiş müharibələrin kökündə bir qayda olaraq iqtisadi maraqların reallaşdırılması kimi hədəflər dayanıb. Bazarlara, yollara, resurslara nəzarət uğrunda keçmişdə baş vermiş hərbi toqquşmalar bu gün də eyni motivlərlə müasir dünyamızda baş verir. Gəlin hazırda gedən müharibələrin köklərini bir qədər araşdırmağa çalışaq. Rusiyanın Ukraynaya hərbi təcavüzü necə baş verdi? Nədən Rusiya Ukraynaya hərbi təcavüz etdi? Axı bundan öncəki dönəmlərdə Kreml Kiyevə hücum etməyəcəyinə dair rəsmi öhdəliklər götürmüşdü. Rusiya prezidenti müharibədən illər öncə belə bir müharibənin mümkünsüzlüyünü dəfələrlə rəsmi təsdiq etmişdi. Ancaq müharibə başladı”.
Sabiq nazirin sözlərinə görə, Qərb uzun illər ərzində bu müharibənin baş tutması üçün min bir oyun oynayıb:
“NATO-nu Rusiyanın sərhədlərinə yaxınlaşdırmaq, Ukraynanı NATO-ya üzv etməklə bağlı rəsmi təşəbbüslər irəli sürmək, “Maydan” hadisələri ilə Ukraynada Rusiyaya meylli hakimiyyətin devrilməsinə nail olmaq, sonradan Qərbə meylli hakimiyyətə Krımda və Ukraynanın şərqində yaşayan rus əsilli insanlara rus dilində danışmağı, oxumağı qadağan etmək kimi addımlar, sonda Rusiyanı Ukraynaya qarşı hərbi təcavüzə aparan yollar idi. Rusiya 2022-ci ilin fevral ayında Ukraynaya qarşı genişmiqyaslı müharibəyə start verdi”.
F.Yusifov deyib ki, uzun illər ərzində Ukraynanı Rusiyaya qarşı qızışdırıb ortaya salan böyük güclər 4 ildir ki, bu müharibənin başa çatmasını istəmirlər:
Fikrət Yusifov
“Halbuki onlar istəsələr bu müharibəni bir neçə günə tam yekunlaşdıra bilərlər. Böyük güclərin dünən və bu gün sülh yolunda atdığı addımlar isə beynəlxalq ictimaiyyəti aldatmaq və sülh istədiklərinə insanları inandırmaq kimi yalan gedişlərdi. Boş, mənasız, əsasları yetişdirilməmiş sülh danışıqları – belə danışıqlar kimə lazımdır. Bu danışıqlar əslində müharibəni uzatmaq yolu ilə həm Qərbi, həm də Şərqi öz hədəflərinə çatdırmaq üçün bir alətə çevriliblər. Nədən də belə olmasın? Axı bu gün həm Qərb, həm də Şərq bu müharibədən maksimum yararlanır. ABŞ öz silahlarını Avropa vasitəsilə Ukraynaya satır, Çin isə hər iki tərəfə silah və hərbi sənaye üçün ehtiyat hissələri satmaqla yanaşı, Rusiyanın bütün təbii resurslarını su qiymətinə öz ölkəsinə daşıyır”.
Müsahibimizin fikrincə, ortada olan budur ki, böyük güclər bu müharibənin gedişində tam maraqlıdırlar:
“Onlar döyüşən hər iki tərəfin tam taqətdən düşməsi zamanını səbrlə gözləyirlər. Bax, bu halda real sülh masasını təşkil edib, müharibənin bitməsinə rəvac verəcəklər. Təbi ki, bu sülh masasında həm Qərb, həm də Şərq məğlub olacaq hər iki tərəfdən öz payını alacaq. Bu paylar hansı şəkildə olacaq? Resurslara, yollara, limanlara nəzarət böyük güclər arasında bölüşdürüləcək. Onlar bu bölgüdə razılığa gələ bilməsələr, deməli, öz aralarında hərbi toqquşma qaçılmaz olacaq”.
Fikrət Yusifov sonda onu da əlavə edib ki, bu gün dünyada baş verən hərbi toqquşmalar dünya iqtisadiyyatına, xüsusilə də inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrin iqtisadiyyatına öz mənfi təsirlərini göstərməkdədir:
“Dünyada ərzaq məhsullarının, neftin, qazın qiymətlərində son illər ərzində baş verən oynamalar bəzi ölkələrin iqtisadiyyatına və sosial həyatına ciddi təsir edə bilir. Buna dair onlarla nümunələr gətirmək mümkündür. Odur ki, hökumətlər belə təsirlərin neytrallaşdırılmasını təmin edən qabaqlayıcı tədbirlər görməlidirlər”.