Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi təşəbbüsü müasir Azərbaycan dövlətçiliyinin mahiyyətini, güclü siyasi iradəsini və humanist dəyərlərə sadiqliyini bir daha nümayiş etdirən mühüm ictimai-siyasi hadisə kimi dəyərləndirilir. Bu təşəbbüs təkcə hüquqi akt kimi yox, eyni zamanda dövlətin cəmiyyətə verdiyi siyasi, mənəvi və ideoloji mesajdır.
Mövzu ilə bağlı
Denmedia.az-a danışan
44 günlük Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova bildirib ki, amnistiya qərarı Azərbaycan dövlətinin gücünün və özünə inamının göstəricisidir. Onun sözlərinə görə, yalnız güclü, suveren və sabit dövlətlər cəmiyyətə bu cür humanist və bağışlayıcı addımlar təqdim edə bilir.
Xatirə İsmayılova vurğulayıb ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən amnistiya təşəbbüsü təsadüfi ola bilməz. Bu addım Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi, yeni inkişaf mərhələsinə qədəm qoyduğu bir dövrdə həyata keçirilir və dövlətin öz hüquqi-siyasi sisteminə tam nəzarət etdiyini sübut edir.
Şəhid anası qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas mahiyyəti insan amilinə verilən yüksək dəyərdir. Amnistiya aktı cəmiyyətə reinteqrasiya, sosial ədalət və ikinci şans prinsiplərinin praktik təzahürüdür. Bu, eyni zamanda ailələrin birləşməsi, sosial gərginliyin azalması və ictimai barışın möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Şəhid anası olaraq bu təşəbbüsə xüsusi həssaslıqla yanaşdığını bildirən Xatirə İsmayılova deyib ki, Vətən uğrunda canını fəda etmiş övladların valideynləri dövlətin humanist və ədalətli siyasətini daim dəstəkləyir: “Biz övladlarımızı güclü, ədalətli Azərbaycan üçün şəhid verdik. Bu cür qərarlar göstərir ki, onların qanı yerdə qalmayıb və dövlətimiz daha da möhkəmlənib.”
Sonda o qeyd edib ki, gözlənilən amnistiya Azərbaycanın müstəqil dövlətçilik tarixində ən genişmiqyaslı humanist addımlardan biri kimi yadda qalacaq və Prezident İlham Əliyevin siyasi iradəsinin, xalqla dövlət arasında möhkəm etimadın bariz nümunəsi olacaq.
Nizami Rəsulov
Denmedia.az