Geri qayıt Çap et

Şuşa şəhidinin xatirəsi anılıb – Abşeronda "Zəfər Günü" şəhid məzarı ziyarət olunub-FOTOLAR

8 Noyabr – Zəfər Günü münasibətilə Şuşa döyüşlərində qəhrəmancasına şəhid olmuş Elçin Həsənlinin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
DenMedia.az xəbər verir ki, tədbir Xırdalan şəhər Şəhidlər xiyabanında baş tutub.
Anım mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən Abdin Fərzəliyev Zəfər Gününün Azərbaycan xalqının tarixində misilsiz bir qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıb. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun göstərdiyi şücaətin Azərbaycan dövlətinin gücünü və xalqın birliyini bir daha sübut etdiyini bildirib.
Şəhidin anası, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon icra hakimiyyətinə minnətdarlığını ifadə edib. Şəhidin atası Vaqif Həsənov isə, oğlunun Vətən uğrunda şəhid olmasının ailəsi üçün həm qürur, həm də kədərli bir fəxarət hissi olduğunu qeyd edib.
Tədbir zamanı iştirakçılar şəhidlərin məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüb və onların ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Elçin Həsənli Vətən müharibəsinin Şuşa uğrunda gedən döyüşlərində qəhrəmancasına şəhid olub. Onun igidliyi və vətənpərvərliyi daim gənclərə örnək kimi xatırlanacaq.
Bu cür tədbirlər Zəfər Gününün mənəvi əhəmiyyətinin yaşadılması və şəhidlərin xatirəsinin daim uca tutulması məqsədilə Abşeron rayonunda mütəmadi olaraq təşkil olunur.

Ellada Rəsul
DenMedia.az