Geri qayıt Çap et

Saray körpüsündə bitməyən təmir: sürücülər bezib, AAYDA zülm verməkdən həzz alır...

Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yerləşən körpüdə aparılan təmir-tikinti işlərinin ləng getməsi və hərəkətin məhdudlaşdırılması sürücüləri ciddi narahat edir.
Bu barədə DenMedia.az-a sürücülər şikayət edib.
Artıq bir müddətdir ki, Saray körpüsündə yenidən hərəkət qismən dayandırılıb. Nəticədə sürücülər alternativ olaraq Saray–Yaşıldərə–Sumqayıt yolundan istifadə etməyə məcbur qalır. Lakin bu yolda da vəziyyət ürəkaçan deyil – səhər və axşam saatlarında kilometrlərlə uzanan tıxac yaranır.
Sürücülər bildirirlər ki, təmir işləri sanki sonsuz prosesə çevrilib. “Hər dəfə ‘təmir gedir’ deyib aylarla yolu bərbad hala salırlar. Nə konkret vaxt deyilir, nə də normal alternativ yol təmin olunur. Hər gün saatlarla tıxacda qalırıq,” – deyə vətəndaşlar şikayət edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) isə məsələyə aydınlıq gətirməkdən yayınır. Agentlik körpüdəki təmirin nə vaxt tamamlanacağı ilə bağlı ictimaiyyətə hər hansı məlumat vermir.
Mütəxəssislərin fikrincə, belə hallarda əsas problem şəffaflığın və planlı işin olmamasıdır. “Əgər təmir prosesi uzunmüddətlidirsə, əhalinin məlumatlandırılması, alternativ yolların keyfiyyətli şəkildə hazırlanması vacib idi. Əks halda bu, təkcə narazılıq deyil, həm də iqtisadi itkilərə səbəb olur,” – deyə nəqliyyat ekspertləri vurğulayır.
Hazırda sürücülər tək ümidlərini AAYDA-nın tezliklə körpüdəki işləri tamamlayacağına bağlayıblar. Amma təcrübə göstərir ki, Saray körpüsündə “tezliklə bitəcək” vədləri artıq çoxdan inandırıcılığını itirib.
Ellada Rəsul
DenMedia.az