Geri qayıt Çap et

Biz artıq bezmişik: TIR sürücüləri AYNA-nın tərəzi oyunlarından şikayətçidir-VİDEO

Bir qrup TIR sürücüsü Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətindən ciddi narazılıq edir. Onların iddiasına görə, yük avtomobillərinin çəkisini yoxlamaq üçün quraşdırılmış tərəzilərdə bilərəkdən artıq çəki göstərilir və bu səbəbdən sürücülərə əsassız olaraq küllü miqdarda cərimələr tətbiq olunur.
Sürücülər DenazTv-yə müsahibəsində bildirirlər ki, daşıdıqları yükün real çəkisi normadan az olsa da, AYNA-nın tərəzilərində göstəricilər həddindən artıq çıxır. Nəticədə onların adına minlərlə manatlıq protokollar tərtib edilir. Şikayətçilərin sözlərinə görə, artıq cərimələr səbəbindən bir çox sürücü işləyə bilmir, yükdaşıma fəaliyyətini davam etdirməkdə çətinlik çəkir.
Narazı sürücülər qeyd edirlər ki, məsələ ilə bağlı dəfələrlə dövlət qurumlarına müraciət etsələr də, nəticə əldə etməyiblər. AYNA rəhbərliyinin isə şikayətləri qəbul etməsinə baxmayaraq, yazılmış protokolların ləğvi ilə bağlı heç bir addım atılmır.
Şikayətçilər bildiriblər ki, artıq Dövlət Yol Polisi İdarəsinə də müraciət ediblər. Onların əsas tələbi tərəzilərinin müstəqil ekspertiza tərəfindən yoxlanılması və əsassız cərimələrin ləğv edilməsidir.
Məsələ ilə bağlı AYNA-nın rəsmi mövqeyi hələlik ictimaiyyətə açıqlanmayıb. Sürücülər isə qanunsuzluğun aradan qaldırılacağına və günahkar şəxslərin məsuliyyətə cəlb olunacağına ümid edirlər.

Ellada Rəsul
DenMedia.az