Geri qayıt Çap et

Sumqayıt ağsaqqaları bir araya gəldilər-FOTOLAR

Sumqayıt şəhər Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
DenMedia.az xəbər verir ki, hesabat 2022-ci ilin 6 sentyabr tarixindən 2025-ci ilin 4 sentyabr tarixinədək olan dövrü əhatə edib. 
Tədbirdə İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, millət vəkilləri Mehriban Vəliyeva, Səbinə Salmanova, Elnarə Akimova, eləcə də şəhərin ağsaqqalları və ziyalıları iştirak ediblər.
Konfransı Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Təbrik Quliyev açaraq çıxış edib. O, Şuranın son üç il ərzində həyata keçirdiyi tədbirlər, qəbul edilən iş planları və ağsaqqalların şəhərin ictimai-siyasi həyatında oynadığı mühüm roldan danışıb. Təbrik Quliyev bildirib ki, Sumqayıt şəhərində 27 ərazi, 12 idarə və müəssisə ağsaqqallar şuraları fəaliyyət göstərir və bu qurumlar gənclərin milli-mənəvi dəyərlərə sadiq yetişməsində, dövlət siyasətinin dəstəklənməsində fəal iştirak edirlər.
Zakir Fərəcov isə çıxışında vurğulayıb ki, Ağsaqqallar Şurasının üzvləri şəhərin ictimai-siyasi həyatında fəal iştirak edir, eyni zamanda milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasına töhfə verirlər. Şəhər rəhbəri qeyd edib ki, mütəmadi olaraq ağsaqqallarla görüşlər təşkil olunur, onların fikir və təklifləri diqqətlə dinlənilir.
İcra başçısı, həmçinin deputatlar Eldar İbrahimov və Mehriban Vəliyeva şuranın fəaliyyətini yüksək qiymətləndirərək, kollektivə gələcək işlərində uğurlar arzulayıblar.