Geri qayıt Çap et

Fuad Quliyevin xeyir duası ilə Mingəçevirə rəis təyin edilən şəxs vətəndaşların suyunu niyə kəsib?- İLGİNC İDDİA

Mingəçevir şəhərində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mingəçevir Su Kanal İdarəsinin rəisi Elmar Əhmədovun fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir.
Denmedia.az-a daxil olan məlumatlarda bildirilir ki, Elmar Əhmədov bir müddət əvvəl ADSEA-nın aparat rəhbəri Fuad Quliyevin dəstəyi ilə sözügedən vəzifəyə təyin olunub.
Gələn əsas məsələyə. İddialara görə, Elmar Əhmədov uzun illər nəqliyyat sektorunda, avtobus parkları və qarajların fəaliyyətinə nəzarət edən vəzifələrdə çalışıb. Onun su təsərrüfatı sahəsində təcrübəsinin olmamasına baxmayaraq, strateji əhəmiyyət daşıyan su idarəsinə rəhbər təyin edilməsi yerli sakinlər arasında da suallar doğurub.
Məlumatlarda bildirilir ki, vəzifəyə başladıqdan sonra ilk qərarlarından biri Bağlar massivində yerləşən yaşayış evlərinin, eləcə də məcburi köçkünlərin təhsil aldığı məktəblərin su təchizatını dayandırmaq olub. Bu fakt məktəblərdən də təsdiq edilib. Bu addımın yüzlərlə sakinin narazılığına səbəb olduğu iddia edilir. 
Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara, o cümlədən ADSEA-ya müraciətlər ünvanlansa da, onların şikayətləri nəticəsiz qalıb. Onlar hesab edirlər ki, rəhbərə göstərilən himayədarlıq səbəbindən bu müraciətlər araşdırılmır.
Daxil olan digər iddialarda isə qeyd olunur ki, Elmar Əhmədov qəbuluna gələn bəzi vətəndaşları dinləməkdən imtina edir və onları qəbul etməyərək geri qaytarır. O, narazı vətəndaşlara "Məni bura Fuad müəllimin xeyir duası ilə Tahir müəllim təyin edən edib, siz mənə heç nə edə bilməzsiniz" məzmunlu ifadələr işlədib.
Qeyd edək ki, yuxarıda sadalanan bütün məqamlar iddia xarakteri daşıyır və qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Əgər İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti, Mingəçevir Su Kanal İdarəsi , Elmar Əhmədov barəsində səsləndirilən iddialarla bağlı münasibət bildirmək istəsə, həmin açıqlamanı dərc edəcəyik.
Qeyd edək ki, Su təchizatı insanların ən fundamental hüquqlarından biridir. Bu sahədə rəhbər vəzifə tutan şəxslərin fəaliyyəti şəffaf, qanunauyğun və vətəndaş məmnuniyyətinə əsaslanmalıdır. Səsləndirilən iddiaların aidiyyəti dövlət qurumları tərəfindən obyektiv araşdırılması həm ictimai etimadın qorunması, həm də vətəndaşların hüquqlarının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Xatırladaq ki, mediada ADSEA "qudalar agentliyi" kimi tanınır. Belə ki, ADSEA sədri Zaur Mikayılov bir qudası Fuad Quliyevi Aparat rəhbəri, digər qudası Əsəd Şirinovu müşavir təyin edib. Bu, Azərbaycanda və dünyada analoqu olmayan sistem idarəçiliyidir. Faktiki üç quda dövlətin strateji agentliyini ailə podratı kimi idarə edir. ADSEA-da bütün nöqsanlar, qohumbazlığın şəbəkə halını alması da elə buradan qaynaqlanır.
Nizami Rəsulov
Denmedia.az