Mərhum amerikalı maliyyəçi Ceffri Epsteinlə bağlı sənədlər ətrafında ABŞ Konqresində yeni siyasi mübahisə yaranıb. Axios-un sentyabrın 15-də yaydığı məlumata görə, Kentukkini təmsil edən respublikaçı konqresmen Tomas Massi Nümayəndələr Palatasında məsələni yenidən səsverməyə çıxarmaq üçün partiyadaşlarının dəstəyini toplamağa çalışır.
Cənubi Karolinadan respublikaçı Ralf Norman da təşəbbüsə dəstək verib. Axios-un məlumatına görə, Massi respublikaçılar arasında lazım olan dəstəyi əldə etmək üçün daha bir imza axtarır. O və Nensi Meys Konqresdən getməyə hazırlaşan və ya qarşıdakı seçkilərdə mandatını itirə biləcək respublikaçılarla əlaqə saxlayırlar.
Koloradodan konqresmen Loren Bobert əvvəlki analoji təşəbbüsü dəstəkləsə də, yeni prosesdə mövqeyini hələ müəyyənləşdirməyib.
Məsələ ötən il də Konqresdə ciddi müzakirələrə səbəb olmuşdu. Həmin vaxt Nümayəndələr Palatası Ədliyyə Nazirliyini Epsteinlə bağlı sənədləri açıqlamağa məcbur edən qanun layihəsini 427 lehinə, 1 əleyhinə səslə qəbul etmişdi.
Massi hazırda Nümayəndələr Palatasının spikeri Mayk Consonu qanunvericilik təqvimindən istifadə etməklə səsverməni ləngitməyə çalışmaqda ittiham edir. Axios isə Palatanın aralıq seçkilərdən əvvəl Vaşinqtondan ayrılmağa hazırlaşdığını və buna görə mümkün səsvermənin seçkilərdən sonraya qala biləcəyini yazır.